HAPPINESS IS A JOURNEY, NOT A PLACE

08 September 2011

Bizim də bir həyat hekayəmiz var

Yollar ayırır insanları, yollar da birləşdirir bəzən. Gözlər yol kənarını izlədikcə səni bilmədiyin xəyallara daşıyır. Əslində düşüncələrimiz xəyal deyil, xəyallarımız düşüncədir. Bəzən yanılırıq, bəzənsə gözləmədən gerçəkləşir düşüncələr.
Heç ayrılmadan xəyal dünyamızda xoşbəxt yaşamaq istəyirik bəzən. Bizi ayırdığı kimi xəyallardan da ayırır bizi həyat. Xoşbəxtliyi xəyallarda deyil də, həyatda axtaraq deyədir bəlkə. Nə biləsən?! Bəlkə də.


Qapı döyülür. İzn gözləyər kimi döyülür amma iki saniyəyə açılacaq indi. Tələm – tələsik oturan kimi durdum, əlimi gözlərimə aparıb, ovuşdura – ovuşdura qapıdan daxil olanı süzürəm. Öz - özlüyümdəysə suallarımı cavabsız istəyirəm. Görəsən, başa düşəcək ki, ağlamışam?! Soruşsa niyə gözlərin qızarıb, yox,saçlarım gözümə düşdü, ona görə ovuşdururam, deyərəm. Kaş heç soruşmayaydı. Hm, heç üzümə baxmadı da. İçəri girib, birbaşa kitab rəfinə tərəf yaxınlaşdı. Kitablara göz gəzdirirdi.
- nə axtarırdın?
- dostumun bağışladığı kitabı
hansı kitabdan bəhs edildiyini bilib, nəzərlərimi ondan çəkərək,
- orda olacaq, yaxşı bax
Elxan Elatlının Xəyanət adlı kitabından bəhs edirdi. Biz nişanlıykən hələ dostu imzalayıb, ona vermişdi. / bir ömürlük xoşbəxtlik diləyi ilə sinifyoldaşlarıma Kamaldan / Həmin vaxtlarda baş qarışıq olduğuyçün oxumamışdı. Mən isə o kitabı hələ təzə nəşrdən çıxanda oxumuşdum, bilirdim nədən bəhs edildiyini. Hələ onda Kamala da məsləhət görmüşdüm, o da oxduqdan sonra surətləri təhlil edirdik. Ən son nəticəmiz isə “ İnsanlar dəhşətdir” olmuşdu.
- budur, burdaymış. Bayaq Kamal zəng eləmişdi. Deyir, iki günə gedir ölkədən.
Onu dinləyirəm, ya da dinləmirəm. Beynim qarışıb tamam. Yavaş – yavaş sakitləşirəm. Ağlayıb, ürəyimi boşaltmışdım. Qucaqladığım yastığın islaq olduğunu hiss edib, çevirdim o biri üzünə.
- sabah axşama bizə çağırdım. Yaxşı süfrə hazırlayar mənim canım..... Sənə nolub?! - kitab əlində yaxınlaşıb, yanımda oturdu. Əllərini üzümə toxundurur, özümdən asılı olmadan yerimdən sıçrayıb,
- çay dəmləmişəm, keç oturduğumuz otağa, gətirirəm
hamama keçib, soyuq su ilə əl – üzümü yuyub, gözlərimin qızartısı keçsin deyə gözlədim. Ürəyimə ağırlıq çökmüşdü sanki. Kaş sabah olmayaydı heç, ya da tez yaşanıb, bitəydi.
 Axı biz bəzən zamanı yaşamadan ötürmək istəyirik, bəzənsə həmin anın heç bitməməsini. Çox güman ki, sonuncu xoşbəxt anlara aiddir. Bizdəysə, həmin istəklərə çox az – az rast gəlinirdi, bəlkə də, heç...
 Sabah gəlir, demək. Və gedir. Görəsən nə qədər müddətlik o burda olmayacaq?!

 Səhər fikirlər beynimi alt – üst edirdi. Axşamçün hər şey hazır idi. Şərabı gələndə Ravin alacaqdı. Özümsə heç nə hiss etmirdim. Əllərim, ayaqlarım keyləşmişdi. Evləndikdən sonra birinci dəfəydi onunla görüşəcəkdik. Ravin çox görüşmüşdü, ancaq evdən kənarda. Bu dəfə isə onu evimizə qonaq çağırmışdı. Necə yad səslənir bu iki söz: evimizə qonaq.
 Valideynlərimin təkidiylə evlənməmə rəğmən, hələ də bir parça onun idim. O kasıb, məndən kiçik, yoldaşımsa bizdən iki yaş böyük və imkanlıydı. Valideynlərimin inadında isə əsas maraq pul olsa da, yaşı önə çəkirdilər. Onların əməliylə mən cəzalandırılırdım.
 Onun gəlişiylə Ravinin xoş səsi otağa yayılmışdı. Deyib, gülür, məktəb vaxtındakı xatirələrdən söz açırdılar. Dodaqaltı, yolaverici gülüşlə gülümsəyən qonaq isə fikirli görünürdü. İçəri girəndə soyuq salamlaşmışdıq, “xoş gəlmisən” deyə bilmişdim, deyəsən.
Nəzərlərimi ondan qaçırırdım hər dəfə otağa daxil olanda. Sanki günahkar mənmişəm kimi.
Əllərini yumaqçün otaqdan ayrıldıqda onunla qarşılaşdıq. Mən üzünə baxmağa belə cürət etmirdim. O isə astadan, əslində kədərli, amma sevincək səslə:
- evdar xanım olmaq sənə yaraşır..................................
Gözlərinə baxıb, oysa, ürəyimdəki hisslərimi sənə deməkçün necə darıxmışam demək istəyirdim. Səninlə heç kimlə bölüşə bilməyəcəyimi paylaşmaq. Səninlə... of! Heç nəyə ixtiyarım çatmır. Ürəyimdə saxlayıb, ürəyimdə məhv edib, yenidən yaradacam sevgimi. Bütün bunları bir andaca beynimdən keçirib, susqunluğumu pozacaqdım, amma o:
- Şşş...!!! Yaxşı! – nisbətən uca səslə - əllərimi harda yuya bilərəm?
ona dəhlizin sonundakı sağ qapını işarə etdim.
 Yəni gözlərimdən xoşbəxt olmadan yaşadığımı sezə bilmirdi?! axı, niyə məni susdurdu. Deyəcəklərimi yəqin etmişdi hər halda. Deməli, o da hələ...
 Axşamın xoş mühiti davam edirdi.
- sabah gedib, nə vaxt gəlməyi düşünürsən,inşallah? – Ravin gözlədiyim sualı vermişdi, ürəyim əsirdi, bir anın içində cavabını eşitmək istəyirdim.
- bilmirəm hələ. Gedib, ordakı şəraitə baxacam. Bəlkə təməlli, bəlkə də bir neçə il orda qaldım. Amma tez gəlmək kimi fikirdə deyiləm.
Hardasa yəqin etdiyim cavab idi. Qollarım qırılmışdı. Dünyadan əlim üzüldü sanki. O gedir. Uzaq qalmaqla bir – birimizdən uzaqlaşacağımızı sanır. Yanılır əslində. Nə mən onu sevməkdən dönərəm, nə də .. Bəlkə elə o dönəcək. İçimdə sevgiyə düşmüş damla mürəkkəb kimi inciklik yayıldı.
- səni sabah 8 tamamda evdən götürəcəm, hazır olarsan, yaxşı?
- əslində lazım deyildi, Ravin. Taksi çağıracaqdım
Mənimçün bir məna kəsb etməyən söhbət edirdilər, mənsə qapıdan çıxmağıyla uzun müddət görməyəcəyim sevgili sinifyoldaşımızı izləyirdim. Əl – qolum bağlı, sevgisində günahkar olduğum birini çarəsiz yola salırdım.
 - yolun açıq olsun – deyə bilmişdim, deyəsən
Əslində bu cür şablon sözləri demək gərək. İstəsən də, istəməsən də. Əslində bu cür şablon sözləri deyirsən. İstəsən də, istəməsən də.
 Ravin xoş xasiyyətli biriydi. Heç vaxt üzməz, həmişə xətrimi əziz tutardı. Elə mən də onun. Qarşılıqlı hörmət deyirlər buna. Bəlkə də elə ailədə ən əsas şeydir. Sevgi sonradan azalan, öz yeriylə əvəzlənən duyğuymuş deyirlər. Sevgilər bitir, tükənir, ya da birdəfəlik “yox” olur. İnanmazdım bütün bu deyilən şablon ifadələrə. Guya görüb, götürmüşlərin həyat təcrübəsidir bunlar. Ama daha inanmalıydım.
 O əslində xarici şirkətin təklifiylə gedibmiş buralardan. Karyerada irəliləməkçün də tutarlı təklif imiş. Getməsəydi, elə addım – addım sabit işində işləyəcəkdi. Müqavilədəki müddət isə ən az 5 illikçün nəzərdə tutulmuşdu. Bütün bu xəbərləri Ravin mənə çay süfrəsindəykən söz gəlişi danışırdı.
 - Gedib özünə yeni həyat qurar, evlənər bəlkə də. Orda şərait yaxşıdır, bizdən ora gedən uşaqlar var, çox razı olduqlarını neçə dəfə bildiriblər. Subay adamçün yaxşıdır elə təkliflər, bizə yaramaz, hə?!
 - Bəlkə də..
 - Nəysə, mən gedim, yatım. Səhər 6 – ya qururam zəngli saatı
 - Gecən xeyrə qarşı
 ..........
 Küləkli Bakıda yenə sərin hava. Otağı havalandırmaqçün açdığım pəncərələri bağlayırdım ki, yağış çisəməyə başlamışdı.
- Ravin, gəl, bir bax necə yağış yağır. Aşağıda evlərinə tələsən insanlar. Evi olanlar evlərinə tələsir, bəs evsizlər, Ravin?!.. Yağışda islanıb, bir dam həsrəti çəkənlər bəs?! Niyə ədalətsiz dövran hökm sürür, Ravin?!
 İkimizi də bir qayğı bürümüşdü sanki. O suallarımı sükutuyla cavablayır. Elindən tutub, ona sığınmışdım. Daha mənim ondan başqa kimimsə yox idi. Başımı çiyninə qoyub, pəncərənin lap yaxınından aşağını izləyirdik. İkimiz də susmuşduq. Özümüzü deyil də, kimlərisə düşünər kimi. Aşağılarda neçə insan həyatı var, kim bilir?! Neçə müxtəliflik?!
 O yağışda, isti evimizdən həyatları izlədiyimizdə gözüm bir gəncə sataşdı. Səfil deyildi, üst – başından düzənli birinə oxşayırdı, amma yağışın altında durub fikrə dalmışdı, nədir?! Əynindəki boz kostyumun islanıb, yararsız olmasını belə vecinə almırdı. Bizim kimi o da həyatları izləyirdi, deyəsən. Bir az daha yaxından. Bəlkə də elə o həyata daha yaxın olan odur. Söykəndiyi maşınına yad gözlərlə baxır, təkrar xəyalların qucağını daha isti bilib, qayıdır.

 Fəslin ən isti günləridir. Oysa, keçmişə yaxınlaşdıqca soyuq rüzgarlar məni öz ağuşuna alır.
 Qaranlıq ev ərimiş şamla güclə işıqlandırılır. Bir otağa yığışıb, bir şamın işığına məcburuq.
 Dekabrın şaxtalı küləyi bayırda əsir. Qapı – bacanı silkələyir. Pəncərədən içəri sızan külək də bir ailənin göz dikdiyi şamı əsdirir. Sönəcək deyə bir həyəcan sarır hamımızı. Axı ümidimiz tək o şamdı. Həm işığımız, həm istiliyimiz olacaqdı. Necə yandığını izlər kimi, fikirlərə dalıb, aclığımızı unudacaqdıq.
 Neçə vaxtdır suyla quru çörək axşam yeməyində doyururdu bizi. Bugünsə, quru çörək də nahar menyumuzda görünmədi. Altı nəfərlik ailənin böyük oğluydum. Azdan çoxdan balaca bacı qardaşımdan çox başa düşürdüm ətrafımda olanları. Ac olmağımdan narazı qaldığımı anama hiss elətdirməməyə çalışırdım. Onun gözlərindəki kədərsə mənə əzab verirdi. Axı hansı övlad anasını gülər görmək istəməz ki.
 Həyatın ağır silləsi sanki bizə tuş gəlmişdi. Məndən 2 yaş balaca bacım kiçik qardaşımı yatırmağa çalışırdı. Yazıq uşaq ac qarnına necə yatsın?! Ağlamaqdan yorulmuşdu, yanaqlarında yaş damcıları hələ də öz tamlığıyla qalmışdı. Özü isə artıq yuxuya getmişdi.
- gecdir daha.. Yatın!..
- atam gəlmiyəcəy?
- yəqin gecə gələcəy, siz yatın.. yuxunuz şirin olsun.
hamımız zəif səslə:
- gecən xeyrə qarşı – dedik anamıza
Onun yanağıma qondurduğu öpüş mənə yeni həyata ümid verirdi. Sabah da hava qaralandan sonra evi işıqlandıracaq şamımız dünənkindən bir az daha ərimişdi.
Keçmiş zamanlardan yazdığımı düşünəcəksiz bəlkə, amma əslində kommunal xərclərin uzun müddətli ödənilməməsi nəticəsində işığın evimizə verilməsi dayandırılmışdı. Elə bu səbəbdən də şam işığına məcburidik.
Yuxuya gedir gözlərim, amma hələ də düşüncələrdən yaxa qurtara bilmirəm. Görəsən, atam nə vaxt gələcək?!..
Yuxudan ayrılmaq istəməsəm də, bədənimdəki ağrıları hiss edib, inildəyirəm.

 Səhər açılacaq və mən bugün ac yatan ailəmçün çörək almağa yetəcək qədər günlük maaşımı almaqçün işimə - daş karxanasına yollanacaqdım. On yaşım olmasına baxmayaraq, məndən böyüklərlə eyni gücdə işləyəcəkdim. Onlara işçi qüvvə lazım idi, yaşı fərq etməzdi.
 Gözünə düşən damcı onu ətrafındakılara diqqət yetirməyə sövq edirdi. Bir qoca qarı paltarı tamam islanmış halda gözləriylə nişanladığı bloka doğru axsaya – axsaya yürüyürdü. Aramsız yağan yağışda qaranlıq bloka sığınacaqdı.
 Artıq ürəyi buzlamış, beyni dumanlanmış halda qadından çəkdim gözlərimi. Həyatın acısını normal qəbul edər kimi. Əllərimə diqqətlə baxıb,ovucumda yumruq yumub, sıxırdım.
Məktəbdə olub, qələm tutacaq əllər əvəzinə kobudlaşan körpə əlləri daş daşıyırdı o zamanlar. Günün sonunda alacağım 1 məmməd mənim ailəmi sevindirəcəkdi. Bugün tox yatacaqdı bacım qardaşım. Anam bizə baxıb, dünənki qədər kədərli olmayacaqdı. Atamsa, bilmirik harda yenə içkidə axtaracaqdı ailəsiyçün parlaq gələcəyi.
 Bütün bunlar az imiş kimi iş yerində məndən yaşca böyük olan yoldaşımın başına gələn qəza onun həyatına son, mənim həyatıma bir az daha məsuliyyət əlavə etdi.
 Dostumun qolunu daş karxanasında dəzgah parçalamışdı. Qollarımda can verən birinin ailəsinin dolanışığı da artıq mənim boynumdaydı. Özüm üstlənmişdim, biganə qala bilməzdim. Daha çox çalışmağım lazım idi bundan sonra.
 Bir müddət ağırlıqdan sonra, oxumağa qərar vermişdim. Oxuyub, qəbul imtahanına girəcəkdim. Orta ixtisas məktəblərdən birinə qəbul oldum. Oxuyub qurtarandan sonra ümid etdiyim həyata yaxın olduğumu bilirdim. Və çatdım da o həyata...
 İndiysə mənə yad olan bir maşına söykənib, bunları xatırlamaq nəyə?! Mən ki buna alışıq deyiləm. Zərurət bunu tələb edir. Zamanın zərurəti o zamanlar daşlara qəbər atmış əllərlə yapışmaq idisə, bugün də bu cürdür.
 Üzünü yuxarı, yağışın əksinə tutub, gözləri yumulu içinə çəkir nəm havanı. Həsrətini mi çəkdi nəm havanın?! yox, elə nəm havalı evdə böyümüşdü o. Nəticə çıxarılası bir keçmişi, bəlkə də unutmaması gərəkən bir keçmişi olduğu halda, azad, əzab - əziyyətsiz bir həyatın həsrətiylə yağışlı havanı yaşayırdı..
Keçmişi unutmamaq şərtiylə..

- Üşüyərsən, keçək içəri, can...
- Kim bilir daha bilmədiyimiz neçə həyat hekayəsi var?!...

No comments:

Post a Comment