HAPPINESS IS A JOURNEY, NOT A PLACE

29 June 2010

Axtardığım şahzadəm

bir gün hər şeydən uzaqlaşıb, haqq – hesab aparmaq istədim.. bununçün yalnız qalmalıydım, evdən çıxdım.. hara gedəcəyimi bilmirdim, nə düşünəcəyimi də..
düşünməm gərəkən çox mövzu var idi, ama hansından başlayacaqdım?…..
bu dəfə hər gün evdən çıxıb təkrarən getdiyim yolu getməməliydim… onda hər şey hərgünki kimi olacaqdı… bu gün hər şey fərqli olmalı idi, şablon olan heç nə olmamalı…
hər günümdə olan təkrar təkcə mən olacaqdım.. mən.. düşüncələrim yox, yalnız cismim eyni olacaqdı…

o ki, qaldı qiyafəmə, o da fərqliydi.. hər gün universitete özümə xüsusi düzən verərək gedirdimsə, bu gün adi geyindim, kablok əvəzinə yastı ayaqqabı ki, ətrafımdakılardan uzun olmaqla onlarda kompleks yarada, onlardan uzaqlaşa bilərdim.. bu gün sadə xalqa yaxın olacaqdım ki, öz fikirlərimdən vaxtım qalsa onları da düşünəcəkdim…
əslində həmişə düşünürəm, əgər yol gedirəmsə, gözüm sataşan hər kəsin bir dərdi olduğunu düşünüb, onun da əvəzinə üzülürəm… bilmirəm, nə dərəcədə düzgün xasiyyətdir bu?….
əvvəlcədən planını qurmadığım yol ilə addımlayıram… bilmirəm, harda bitəcək yolun sonu…
heç nə bilmirəm..
şəhərin yapışqanlı havasında gəzmək elə şəhərin özü haqqında fikirləşməyə əsas verir.. məni aparan yol sağa yönəldi, tabeyəm cığıra.. mən də yönəldim, ama gözüm yerə dikilmiş, qulaqlarım şəhərin səs – küyü arasında fərqli səs axtarır, beynim düşünməyçün sırasını gözləyən fikirlər arasında seçim edir, ürəyimdə isə bir sancı var.. səbəbsizdir, yəni konkret səbəbi yoxdur, ama axtarsam hər weyə görə bir qıvrantı girir ürəyimə… ayaqlarımı isə beyin idarə etmir, dolayısı ilə cığır idarə edir..

fikirli – fikirli addımlayıram.. qaşlarım çatılmış, gözlərimi günəşin şüalarına qarşı olan refleksdən qıymışam.. hər halda üzümə baxan qorxardı. Ama ən çox özüm – özümdən qorxuram, bəli… özüm – özümdən.. hərdən elə düşüncələrə qapılıram ki.. “ məndən başqa bunu fikirləşən yoxdur bəyəm? Dünyanın dərdi elə mənə qalıb?…” sualları ilə fikirlərdən ayırıram özümü..
yol məni hələki eyni ahənglə aparır.. maşınların səsi, tanımadan keçdiyim həyətlərdəki oynayan uşaqların cıvıl – cıvıl səsləri, oyunu yarımçıq qoyub evə çağırılan uşaqların analarının səsləri..
lap öz məhləmiz yadıma düşdü.. bir qadın uşağını səsləyir:
- orxan… oooooorxan..
təzə – təzə bu qadının səsi adamın başına düşürdü – sonradan məhləyə köçənlərdəndilər yəqin – indi artıq öyrəşmişik Orxan balanın evə çağırılışına..
davam… imtahan cığırına davam… bayaqdan fərqli səs axtarışında olan qulaqlarıma bir hıçqırıq səsi sataşdı… öz fikirlərimdən ani ayrıldım… gözlərim səsin gəldiyi tərəfdə hıçqıranı axtarırdı… ətrafıma göz gəzdirirəm.. aha, tapdım… yolun dibiylə çəkilmiş çəpərə söykənərək oturmuş uşaq.. odur hıçqıran.. yox.. deyəsən, ağlayır lap.. ürəyimdən bərk qıvrantı keçdi..
uşağa yaxınlaşım ya yaxınlaşmayım.. qara muncuq kimi gözləri ağlamaqdan qızarmışdı.. uzun kirpiklərinin ucunda yaş giləsi durmuş, əsən hafif yel ilə və ya damlanın ardı ilə yanağından süzüləcəkdi ki, balaca, məsum, toppuş əlləri ilə onları yana siyirdi.. kürəyini çəpərə söykəyib, yerdə, oturaq vəziyyətdə dizlərini qucaqlamışdı.. görəsən, həyata bu qədər yaşla dolu gözlərlə baxmağa onu nə təhrik edirdi?!…
deyəsən, dayanacağın vaxtı çatmışdı.. evdən elə bu şahzadəyə görə çıxmışammış kimi, sanki elə axtardığım buymuş kimi ona bir az da yaxınlaşdım.. yanına əyləşməyə izn istəmək istədim, ama “ mən kübar qayda qanundan bu gün uzaq olacaqdım” – deyə fikirləşib, balaca şahzadənin qarşısında bardaş qurub oturdum.. salam verib, əllərini əlimin içinə aldım.. gözünün kənarından daha bir damlanın gəldiyini görüb, əlimi üzünə toxundurub, baş barmağımla gələn yaşı sildim.. hər iki əlimlə üzünü ovucuma aldım.. hələ heç bir sual vermirəm.. sadəcə baxıram, üz cizgilərində nəsə axtarırmış kimi seyr edirəm gül üzünü.. necə məsumdur, nə kin bilir, nə küdurət.. ətrafındakılarla münasibətdə xeyir güdmür, əvvəlcədən planlaşdırılmış şəkildə davranmır, pula görə davranışını tənzimləmir… əslində hər gün ətrafıma nəzər yetirərkən rastlaşdığım mənə əzab vərən hərəkətləri onda axtarmağın lüzümu belə yox idi.. o bütün bunları inkar belə etmirdi, çünki bunların varlığından belə xəbərsiz saf körpə idi..
gözündən axan incilərin arası kəsilmişdi.. islanmış yanaqları da ovuclarımda isinərək qurumuşdu.. sanki şahzadəm bir az təskinlik tapmışdı.. zəif hıçqırıq səsləri isə astaca eşidilirdi..
mən soruşmadan şahzadəm anlatmağa başladı.. çoxdandır tanıdığı bir dostuymuşammış kimi danışırdı.. ürəyindəkiləri onu anlayacaq birinə danışmağı geciktirmədən əvvəlcə dodaqlarının altında mızıldanırdı..
nə təsadüf, mənim də dərdləşəcək birinə ehtiyacım var idi.. mənimlə heç bir hesab- kitab etməyəcək birinə, sadəcə məni dinləyəcək, bəlkə ağlayacam, ama onun kimi mənim də göz yaşlarımı siləcək, ehtiyac duyduğumda məni qucaqlayacaq və təskin edəcək bir dosta.. ama mənə dost olacaq olan o deyildi.. o tər təmiz beynini mənim mürəkkəb düşüncələrimlə yormağa haqqım çatmırdı.. dostluq birtərəfli olacaqdı, dostluq yox, daha çox dərdləşmə birtərəfli olacaqdı..
məgərsə şahzadəmi üzən də ələ DOST imiş.. yaşıdları onu öz sıralarına almır, oyunlarına uzaqdan həvəsi boğazında boğula – boğula onları izləməyə təhkim olunmuşmuş şahzadəm..
ehhh, şahzadəm… dost arzulayırsan, ama arzulamamanı məsləhət görsəm, bəlkə məni qınayarsan… bəzən dost səni özü tapar.. bir də baxarsan ki, arasından su bələ keçməyən dostluğunuz var.. bir ömür boyu belə qalsa nə ala..
ama çox zəif ehtimaldır bu… dostluq sən fikirləşdiyin kimi, sənin kimi saf duyğudur, şahzadəm…
ama di gəl ki, dərdi məni götürən bu cəmiyyət anlamır və ya anlamaq istəmir, görmür, görə bilmir sən görəni, sən anlayanı… qurd yeyib içlərini, ürəyini, beynini.. dostluqda belə nəsə güdər olublar…
çox arzulama, şahzadəm… yaşıdlarınla oynayanda da onlara çox bağlanma, çox güvənmə.. sənə ilk zərbə əndirən də, elə ən çox güvəndiyin olacaq.. yaşıdlarınla oynadığın həyat oynunu səndən başqasının idarə etməsinə imkan vermə, şahzadəm… sənin saflığından istifadə edəcək, sənə sənin kimi görünəcəklər.. ya da sən hər kəsi özün kimi görəcəksən.. şahzadəm, ama bir gün hər kəsin üzündəki pərdə açılacaq.. ürəyinin kapilyarından biri qırılacaq onu itirəndə, ama təki qırılan kapilyar olsun.. ona kapilyar qədər dəyər ver, nəbadə artəriyan sənin dostun olsun.. o zaman sən məhv olarsan, mənim şahzadəm..
ağlama.. ağlamağa tələsmə…. sən dostluğu uca tutub, ona hakk ətdiyi dəyəri vər, sən ona xəyanət etmə.. belə edəcəksənsə, kapilyarın qırılanda ağrı verən yalnız o olacaq, vicdanın sakit, ruhun spokoynıy olacaq… sən sən ol, bu saflığını tərk etmə, şahzadəm..
sakit – sakit dinləyirdi.. bilmirəm, mən dediklərim yadında qaldımı, başa düşdümü.. ama gözləriylə “ sən sən ol, verdiyin nəsihətə özün də əməl elə” – deyirdi… birtərəfli dərdləşmə olmadı deyəsən, şahzadə dostum da məni anladı, nə yaşadığımı, nə yaşayacağımı hiss edib, məndən məsləhətini əsirgəmədi…
artıq tamamilə sakitləşdiyini görüb, əllərimi yanaqlarından çəkdim.. özünün də artıq getməkçün vurnuxduğunu görüb, ayağa durdum.. paltarımı çırpışdırıb, təmizləyirdim ki, şahzadəm ayağa qalxdı… həsrətini çəkdiyim saflığı son dəfə yaddaşıma həkk etmək üçün uşaq arzusu tək təmiz gözlərinə baxmaqdan yayındıra bilmədim gözlərimi..
şahzadəm “ saol” deyib, əlləri ilə barmaqlarını ovucuna iki dəfə sıxmaqla sağollaşıb, yeyin addımlarla məndən uzaqlaşdı… yenə də tələsirdi.. həyatın müxtəlif dərəcəli sınaqlarından keçməyə tələsirdi.. ama bu sınaqlarda onu böyük zərbədən qoruyacaq məsləhəti almışdı bu gün… bəlkə də, həyatda artıq bir çox sınaqdan üzü ağ çıxaracaq konspekti olduğu üçün bu qədər çox tələsirdi..
mən isə tələsmirəm… yavaş – yavaş, səbrlə, yeni- yeni zərbələr ala- ala, öyrənə- öyrənə addımlayıram.. yolumunsa uzunluğu bəlli deyil, nə mənə, nə də sənə.. yolu çəkən bilər yolun uzunluğunu da, daşlı – kəsəklimi ya hamar yol olduğunu da…

No comments:

Post a Comment