Yer kürəsi. Yaradılışın bu gününə qədər dəyişildi. Əvvəlcə özü eralar boyu dəyişdi, sonra isə məskən olduğu insanları dəyişdirdi. Bugünkü günümüzdə isə dəyişən heç nə yoxdur. Hər şey formal olub, ürəksıxıcıdır. Təbii ki, bu formallığın normal olmadığını görənlərçün.
Soyuqlaşmış, bir – birindən uzaqlaşmağa can atan insan adında məxluqat hər gün eyni işlərin icrasıyla eyniləşmiş, dəyişməyən bir əşyanı xatırladır.
Hər gün ev – iş, iş – ev. Əgər işin varsa, belədir. Işin yoxsa da elə ev, ev, ev.
Yaşayıb, çətinliklərdən çıxa – çıxa daha da hissiyatsızlaşır insanlar. Ölümü seyr etməksə onları daha da azğınlaşdırır. Hər gün müxtəlif informasiya mənbələrindən aldıqları xəbərlərdə qəzanın baş verməsi onlarda ölü sayının nə qədər olması marağını oyadır. Sadəcə maraq. Ürək ağrısı ilə yanaşma deyil. Nə qədər ölü sayı çox olsa, maraq bir o qədər də artır. Bu qədər daşlaşmış qəlb və beyin insanatın ölməyinə zəmin yaradır.
Hər şeyi normal qəbul etmək və özümüzə görə olan bu normallıqla barışmaq da elə cəmiyyətin bir bəlasıdır. Bu gün əgər yalanı normal sayırıqsa, onu müdafiə ediriksə, daha nə danışaq?!
Bu gün əgər oğlanların xəyanətini normal qəbul edib, bilmirmiş kimi onun üzünə gülüb, davam ediriksə, daha nə danışaq?!
Bu gün əgər işimizin həlli üçün, məktəb və institutlarda qiymət almaq üçün istədikləri qədər rüşvət verməyə hazırıqsa, daha nə danışaq?!
Hansı cəmiyyətin xilası üçün çalışaq ki, onu elə özümüz məhv edirik. Hansı gələcəkdən danışaq ki, keçmişimizi itiririk.
Tariximiz elə özümüz üçün, öz tarix kitablarımızda qalır. Bütün dünya isə “onların” müasiratda yaratdığı tarixi qəbul edir. O ki qaldı öz tariximizə, onu da öyrənmirik, rəqəmlərlə iyrəndirirlər bizi.
Bu gün bütün bunlar bizim üçün adidir. Amma başa düşmürük ki, adi, cansıxıcı, mənasız olan bizlərik.
Özümüzü öz qaydalarımızla qəlibə salırıq. Elə bir qəlibə ki, inkişaf, böyümə proseslərini sənə yadırğadır. Keçmiş bilgilərinlə elə yerində sayır, illər keçdikcə isə onları da hissə – hissə ititrirsən.
Bu gün cəmiyyətdə səni ətrafındakılar maraqlandırmırsa, yanında baş verən hadisəyə kor və kar yanaşırsansa, sən artıq özü üçün proqramlaşdırılmış robotsan. Öz gündəliyini doldurmaqçün yaşayan bir robot. Səhərin açılması ilə sən formal həyatda bugünçün nə edəcəyini bilirsənsə, heç bir ani davrannış və ya hadisə gözləmirsənsə, sən hansı maraqlı həyatdan danışa bilərsən!?!
No comments:
Post a Comment