HAPPINESS IS A JOURNEY, NOT A PLACE

11 September 2010

Ölü şair

Dumanlıdır ona gedən yol. Heç izi də bilinmir. Kəşf olunmamış bir köhnəlik nümunəsidir o. Uçuq – sökük daxmaya sığınmış.
Səliqəsiz otaq. Təsviri elə də çətin deyil. Bir yazı masası, bir oturacaq və soyuq günlərin tək tanış dostu – soba.
Qaranlıqdır. Yaradıcılığın sonsuz ilham mənbəyi qaranlıq.
Yazı masasının üstündəki çıraq isə göz nuruna yardım edir ölümsüz ola biləcək əsərlərin yaranmasına. Ölümsüz ola biləcək…


Otaq dağınıqdır, adi əşyalarla deyil, kağız vərəqlərlə. Illərin səhifələriylə. Hər yaradılan əsərin qaralamaları səpələnmişdi ətrafa. Illər keçmişləşdikcə vərəqlər də zamanına uyğun olmağa çalışırdı. Saralırdı, ləkələrlə köhnələşirdi.
Masa üstündə yeni, ağappaq bir səhifə. Nə yazılacağı məlum deyil, hansı hisslərin həkk olunacağı da bilinmir. Ağdır. Səhv olunmamış, günahsız. Ya qaralama, ya da özünü tanıdacaq bir yaranış olacaq.
Soyuqdur. Uçuq daxmanın bir keçirmə ilə bağlanan taxta qapısını külək silkələyir. Içəri girib, qaralama vərəqlərə elçi olmaq fikrindədir, deyəsən.
Otaqda sükutu pozan küləyin vıyıltısı, taxta qapının çırpılma səsləridir. Qəhrəmanım şair isə sobanı yandırmağa çalışır. Küncləri hörümçək toru basmış, köhnə soba hər soyuq gecənin hisini udaraq, şairi isitməkdə qərarlıdır. Elə buna görə də o, köhnə, tanış dostdur.
Bir yaşayış göstəricisi olan bacadakı tüstü görünməyə başladı, amma bu ev üçün yaşamın göstəricisi olmaqda yanılırdı.





Ocağa soyuqdan qızarmış əllərini sürtüşdürə – sürtüşdürə tutub, isindikdən sonra masaya yaxınlaşdı. Qələmini götürüb, çırağa gözlərini zillədi.
Onun əsərləri ümman idi. Hikmət dolu, bəzən qəmli, bəzən də gülüş doğururdu. Sətirləri özünə çəkirdi bütün siddiqliyi ilə. Bəlkə də, qəhrəmanım mənim heyrət etdiyim, yaratdığı dərin şeiriyyata səcdə etdiyim, xəyalımdakı şair idi. Hər sözüylə mən diləyən şair idi.
Qələmi əlində, kağızı cızma – qaralayırdı. Yazmağa başladı və yazıb, sonlandıracaq da. Hətta ölümsüz ola biləcək əsər də alınacaq. Ölümsüz ola biləcək… Ona görə ki, bu izsiz daxmadakı kəşfsiz şair kimi əsərlər də məchul idi. Onun əsərlərinə şahid olan qələmi oxunmamaqda israrlı olan şeirləri yaratmaqdan yorulmurdu.


Şair nə qədər ki ölməmiş həvəsinin qayğısını çəkirdi, qələmi də bir o qədər sahibinə itaətkar olacaqdı.
Alınmadı, deyəsən. Bükülüb, atıldı kağız. Amma mütləq yazılacaq. Bu olmasa da, başqa bir yazı. Yenə də davam. Yeni kağız…
Şairim qısqanc idi, əsərlərini gizlədirdi. Kiminsə oxumasına razı deyildi. Bəlkə də, qiymətləndirmədən qorxurdu. Tənqid yox, qiymətəndirmə. Qiymətləndirmənin səmimiyyətsizliklə aparılmasından qorxurdu. Bəlkə biri tərifləyəcək, bəlkə biri yox. Amma hansı dürüst olacaq?! Bəlkə də, o dəryadan dərin şeiri duyan olmayacaq şair qədər. Onu bütün hissiyatı, düşüncəsiylə duyan olmayacaq. Bütün bunlarla qısqanc şair yeni əsərlər yarada bilməyəcəkdi. Əgər bir yazıya başlasa, onu oxucunun rəyini nəzərə alaraq yazacaqdı. Onda səmimiyyətsiz qiymətləndirmə səmimiyyətsiz şairi tərbiyələndirəcəkdi.


Şair bu gecəki əsərini sona çatdırdı. Oxunmayacağını bilə – bilə sonuna imzasını da atdı. Bunu da yanındakı əsərlər toplusunun üstünə qoyub, əvvəl yazdığı yazılarla birlikdə vərəqləyirdi.
Bayırda soyuq hava, çıraq işığına sığınan şairi tozlu kağızlar öskürdürdü. Qorxunc xəstəliyə əlamət olan öskürəyə əhəmiyyət vermədən gündüz vaxtı otağı işıqladırmağa yetməyən balaca pəncərəyə yaxınlaşıb, oturacağında əyləşdi. Bəlkə yeni bir əsər, bəlkə yeni bir ümid, bəlkə həyata sevgi pöhrələnirdi kövrək qəlbində. Kim bilir!? Amma bəlkə də, son pöhrə olacaqdı bu…
Öz düşüncələrinin çiyninə söykənmiş şair yorğun gözlərini yuxuya təslim etdi. Tanış dost isə onu isindirirdi sədaqətiylə. Amma külək bu sadiqliyi pozacaqdı, bacadan güclü əsmə ilə ocağı söndürdü. Bir aşiq ürəyi, sənət vurğununun günəşini aldı. Ocağın xəyanəti əbədiyyət yuxusuna tərk etdi şairi.
Qalib idi coşqun külək, gücünün təsdiqini tapmışdı bu gecə. Sevincini daha da güclənməklə yaşayırdı. Taxta, keçirmə ilə bağlanmış, çürük qapı bu coşqunluğa tab gətirə bilmədi. Taybatay açıldı daxmanın qapısı. Elçi olduğu qaralamaları da, ölümsüz ola biləcək əsərləri də qucağında daşıdı… Bütün əsərləri apardı…
Ölümsüz ola biləcək əsərlər də, şair də ………. .

No comments:

Post a Comment