HAPPINESS IS A JOURNEY, NOT A PLACE

16 August 2010

Küləklə bizim gecəmiz

Nazlı gecəmdən. Sirli gecəmdən.

Göy üzü sakitliyə çağırır.
Səpələnmiş incilər qaranlıqda başqa aləm yaradır.

Başını qaldırıb, bu saf ulduzları seyr edəndə, hardasa qurtuluş yolunun olduğuna, ulduzlar qədər saf aləmin olduğuna inanırsan.
Baxdıqca ovsunlanırsan. Bu yalan dünyadan sirli aləmə keçid körpüsü axtarırsan.

Təki hər addımı səni üzən dünyadan çıxasan. Salamatlıq aləminə qədəmini basacağın anda hər şeyin dəyişəcəyinə inandırırsan özünü.

Bu gecə ayı axtarmıram.

Mənim baxdığım səma çərçivəsinda da heç rast gəlmədim.
Bu gecə ulduzların gecəsindən yazacam.

Bir de küləyin.

Günəşin yandırdığı gündüz soyuq küləkli gecəyə təslim olur.
Küləyin əksinə əyləşmişəm. həmişəki kimi əks mövqedəyəm.

Bütün ruhumu, vücudumu küləyin öhdəsində hiss edirəm. Nə üçünsə də heç müqavimət də göstərmirəm. Yorulmuşam daha.

Bəlkə də xoş gəlir deyə, sükutla onu izləyirəm.

Nazımı çəkməkdən bezməyən yeganə küləyin xətrinə də mən dəyməyəcəm.

Bu gecə bir – birimizin gecəsi olacaq.

Əvvəlcə güclü əsdi küləyim.

Titrənti ilə üşüdüyümü hiss elədim. Isinməkçün heç nə əlavə geyinməyəcəkdim. Çünki bu gün küləyin öhdəsindəydim.

Üşütdüyü kimi o isindirəcəkdi.

Həfifcə boynuma yelini üfürdü.
Sonra sanki qollarımdan qaldırıb, qucağına aldı məni.

Üşütməm keçirdi, amma ürəyim əsirdi.
Soyuq nəfəsi ilə saçlarım havada dalğalanırdı.
Saçlarımı qarışdırmaqdan bir həzz alırmış kimi ətrini də içinə çəkirdi. Kürəyimə sarınan sərin rüzgar ruhumu dinləndirirdi.

Bir əsmə ilə bütün ürəymdəkiləri aldı məndən. Ürəyimi öz eşqi ilə doldurdu.

Artıq onu sevərək izləyirdim.

Gözlərim yumulu, başımı ona söykəmiş, dinləyirəm.
Gecəmdəki küləyimin səsini.
Sükutumu anlayır.

Səsində isə təskinlik duyuram.

Mənim küləyim məni anlayırdı.

Üzgün simada ümidverici gülüş.

Məni anlayırdı.




No comments:

Post a Comment