HAPPINESS IS A JOURNEY, NOT A PLACE

08 January 2011

Lal edən həyat hekayələri ilə tələsən rəqqaslar

Hərənin bir nöqtəyə zillənən baxışlarında fərqli bir xəyal, fərqli bir acı və bəlkə də, bir sevinc var. Bəzən uzaqlara dalan o gözlər də, heç anlada bilməz. Aciz olur mürəkkəbliyin ifadəsində. Mürəkkəb insanın mürəkkəb dünyasının aynası ola bilmir.

Gözlər də gizlədir. Sahibi kimi. Hər kəsdən. Düşündüklərini. Ruhunu incidənləri. Hisslərini. Çox vaxt dilə gətirməyi belə özünə yasaqladıqlarını.
Onu kim anlar ki..


Dilə gətirsə belə, hər cümləsinin sonunda nöqtələrin fərqinə varacaq, amma vergül qədər incəliyi duymaq ağır olacaq onlara.
Hər kəsdə belədir. Bu otaqdan başqa.


Əllərində saat, danışırlar hekayələrini. Ortaq cəhətləri ruhlarını paylaşacaq hekayələrinin olmasıdır. Yalnız, qaranlıq şəhri – qəlblərini aydınladacaqlar bölüşərək.


Əllərindəki saatı ürəklərinə tutub, çəkinmədən danışırdılar həyatlarını. Üzlərində itən mənanı yalnız xatırlamaqla tapırdılar… İtirilmiş gözəl zamanları tapmaq… Acını xatırlayaraq… Anladaraq… Ruhlarındakı gizli saatın rəqqaslarını axtararaq… Saatlar xatırlayar…







Titrək, qırıq səslə dərdini, hekayəsini bütün səmimiyyətilə danışmağa başlayırlar.
Səslənir daha bir ürək sızıltısı. Səsi gəlir. Kədərli, hüzn verən. Doluxsunmuş. Bu dəqiqə ağlayacaqmış kimi.


Yaşlı adam: həyatda ən çox qızımı sevirdim… Ən çox qızıımı… Gözəl qızımı… Amma o da anası kimi, məni bir gün atıb getdi…


Dilə gətirilən itkilərdir, deyəsən. Daha çox incidən. Ömür boyu yaddaşına gizli yazılan, elədiyi səhvin təkrarlanmaması üçün yaddaşına yazılan itkilər. Gizlilik qalmırdı burda. Danışılırdı.
Ətrafındakı abu – havadan sıxılan, dinləyənlər arasında əyləşmiş gənc gözlərini qaçırırdı hər kəsdən. Oxuyarlar gözlərini. Üzülərlər hekayəsinə. Əyilmiş hiss edər özünü, bəlkə. Qüruru əl verməz halına yanılmağa.


Başını qarışdırmaqçün əlavə nəsə axtarırdı ətrafında. Otağı gəzdi. Köhnə radionu qurdalamağa başladı. Hardasa şən musiqi səsləri gəldi. Xırıltılı, pozuq radioda da istədiyini tapa bilmədi.
Düşünmədən, növbəsiz danışacağını qət etdi. Saatı əlində sıxıb, gözləri yerə dikilmiş danışmağa başladı:


“Keçən gecə səni yuxumda gördüm. Uzun zamandır yuxularıma da gəlmirdin. Yenə həmin həyəcanla sənə baxırdım. Yenə həmin nazınla məni dəli edirdin. Duyurdum gözlərindən yalnız məni gördüyünü. Yalnız məni.


Oyanmaq gərəkdiyini də bilib, yuxu olduğuna da əmin idim. Ürəyimi dələn qorxu… Indi qurtaracaq yuxum. Bu saat çıxıb gedəcəksən. Məni yenə təkliyimlə …


Bir də nə vaxt gələcəyini də bilmirəm. Əllərini buraxmaq istəmirəm. Bir də nə vaxt ovucumda isidəcəm onları, bilmirəm.


Uzaqlaşırsan.. Gözlərində əksim kiçilir… Sən…


Insan mənim kimi sevərsə, eyni şəkildə sevilməyi arzulayar. Bunu ümid kimi yaşayar… Yuxumda mənim sən olduğum yuxumda…”


Saat səsləri… Əqrəblər tələsir. Daha kimlərçünsə dilə gətirməkdən çəkindirəcəyi hekayələr yaratmağa tələsir…


Daha kimlərisə lal edəcək hekayələr…

No comments:

Post a Comment